Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2023-cü il 2074 nömrəli fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Fərmanda əsasən Agentlik Azərbaycanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Hal-hazırda Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Agentliyin tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu PHŞ, Tikilməkdə Olan Obyektlərin Müdriyyəti PHŞ, Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu PHŞ fəaliyyət göstərir.