Su mənbələri

  • Şollar-Bakı su təchizatı qurğuları kompleksi

    “Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Bakı əhalisini su ilə təmin edir.

    Mənbəyini Bakıdan 187 kilometr məsafədən götürən su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından “Şollar” suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Həmin il fevralın 20-i (köhnə təqvimlə 7 fevral) tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb. “Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə “hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

    “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradanözaxımlı rejimdə Bakı şəhərinə nəql olunur.

    Şollar mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşədə qazılıb.

    1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.

  • İkinci Bakı su kəməri

    1920-ci illərin sonu Abşeronda sənayenin inkişafı, əhali artımı Bakıya yeni mənbədən içməli suyun gətirilməsi zərurəti yaradıb. Bu məsələ 1929-cu ildə Su təchizatı və sanitariya qurultayında müzakirə edilmiş və Xaçmazdan Abşerona yeni kəmərin çəkilişinə qərar verilib.

    Mənbəyini Xaçmaz rayonu ərazisindən götürən İkinci Bakı Su Kəmərinin tikintisinə 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin 17 sentyabr 2228 nömrəli qərarı ilə başlanılıb. İkinci Dünya Müharibəsi ilə əlaqədar kəmərin inşasında fasilə yaranmışdır. 24 ildən sonra, 1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılmış və bu mənbədən Bakıya saniyədə 2,73 kubmetr (sutkada 240 min kubmetr) təmiz su nəql olunur. Uzunluğu 175 kilometr olan və dəmir-beton konstruksiyalı kəmər hazırda Siyəzən və Şabran rayonlarını da içməli su təmin edir.

    Məhsuldarlığı “Şollar-Bakı” su kəmərindən 2 dəfə çox olan İkinci Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan, lay və bulaq sularından qidalanır. Mənbə A və B su qəbuledici qalereyasından, 12 sifon tipli tuneldən və 6 kaptaj xəttindən ibarətdir. Bulaq və lay sularının yığılması iki yolla - drenaj sistemləri və suyığıcı qalereyalarla həyata keçirilir.

    “Şollar-Bakı” kəmərində olduğu kimi, İkinci Bakı Su Kəməri ilə nəql olunan su H.Z.Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər özüaxımlı rejimdə ötürülür. Buradan isə nasoslarla Bakıya çatdırılır.

  • Ceyranbatan sutəmizləyici qurğuları

    Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. Layihə Samur çayının suyunun Ceyranbatan anbarına gətirilməsini və burada təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tutur. Layihənin işlənməsindən təxminən yarım əsr sonra orada nəzərdə tutulan işlərin icrasına başlanır. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilir. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılır və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlanır. Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 % təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür.

    Ceyranbatan sutəmizləyici qurğular kompleksi və magistral su kəmərləri Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci il tarixli 655 nömrəli və 02 iyun 1960-cı il tarixli 420 nömrəli qərarları əsasında 3 mərhələdə inşa edilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci idə istismara verilib. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, 1978-ci ildə işə salınıb. Birinci və ikinci mərhələdə tikilən qurğuların hər birinin məhsuldarlığı saniyədə 2,64 kubmetr, üçüncü qurğunun məhsuldarlığı isə 2,1 kubmetrdir.

    Ceyranbatan sutəmizləyici qurğular kompleksində su iki pilləli texnoloji təmizləmə prosesindən keçir. Birinci və ikinci mərhələdə inşa olunan qurğularda su şəffaflandırıcı və sürətli süzgəclər, üçüncü mərhələdə tikilən qurğularda isə üfüqi durulducu və sürətli süzgəclər vasitəsi ilə təmizlənir.

    Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. İçməli suyu istehlakçılara çatdırmaq üçün Sutəmizləyici Qurğular Kompleksindən 6 ədəd iri diametrli su xətti çəkilmişdir. Bunların 2-si Maştağa anbarına, 3-ü Binəqədi mərkəzi nasos stansiyasına, 1-i isə Sumqayıt şəhərinə içməli su nəql edir. Eyni zamanda Ceyranbatandan Abşerondakı sənaye müəssisələrinə texniki su verilir. Bu məqsədlə Ceyranbatan sutəmizləyici qurğularından məhsuldarlığı saniyədə 2,8 kubmetr olan 2 texniki su kəməri çəkilib.

    Ceyranbatan sutəmizləyici qurğular kompleksində indiyə qədər yalnız bir dəfə əsaslı təmir aparılıb. 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə kompleksin reagent təsərrüfatı, şəffaflaşdırıcılar, 1-ci növbə süzgəclər sexi tam bərpa olunub. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 2-ci və 3-cü növbə süzgəclər sexi qismən yenidən qurulub, hər 3 növbə üçün yeni xlorator təsərrüfatı yaradılıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılıb.

  • Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi

    Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatına hesablanmış Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi Ceyranbatan gölünün sahilində inşa olunub. 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib.

    Layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün 3 suqəbuledici başlıq, mikrotunel üsulundan istifadə etməklə gölün dibi ilə hər birinin diametri 1600 mm olan 3 kəmər quraşıdırılıb. Göldən götürülən suyun həcminin tənzimlənməsi, həm yeni tikilmiş, həm də mövcud təmizləyici qurğuların tələbatına uyğun xam suyun verilməsi üçün sahildə suqəbuledici kamera tikilib. Suqəbuledici kamerada toplanmış su təmizləyici qurğuya hər birinin diametri 1400 mm olan 4 kəmərlə nəql olunur. Bu kəmərlərlə emal prosesinə saniyədə 13,8 kubmetr su ötürmək mümkündür.

    Təmizləyici qurğuya ötürülən xam suyun ilkin təmizlənməsi mexaniki süzgəc binasında quraşdırılmış 7 ədəd avtomatik yuyulan 3000 mikronluq süzgəclərdə aparılır, xam su iri hissəciklərdən təmizlənir. Mexaniki süzgəclərdən ilkin təmizləmədən keçən su həcmi 10 min kubmetr olan xam su anbarına toplanır. Burada quraşdırılmış məsafədən idarə olunan səviyyə ölçənlər vasitəsilə emala ötürülən suyun həcmi onlayn rejimdə tənzimlənir. Xam su anbarından suyun süzgəc modullarına sabit təzyiqlə ötürülməsini qurğuların önündə quraşdırılmış 16 nasos təmin edir.

    Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən, sonra isə 0,02 mikronluq süzgəc modullarından keçməklə cəmi 20 saniyə ərzində ən yüksək səviyyədə təmizlənir. Məsafədən idarə olunmaqla mexaniki üsulla tam qapalı rejimdə emal edilən suyun keyfiyyət göstəricilərinə onlayn rejimdə nəzarət olunur. Burada quraşdırılmış 5280 ədəd süzgəc modulunda saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr yüksək keyfiyyətli içməli su emal edilir.

    Emal prosesindən keçən su həcmi 10 min kub metr olan təmiz su anbarına ötürülür. Təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılmasını qurğunun çıxısında inşa olunmuş nasos stansiyası təmin edir. Eyni zamanda təzyiqli xətdə yarana biləcək hidravlik zərbələri söndürmək üçün (dəf etmək) hər birinin həcmi 90 kubmetr olan 4 zərbə qazanı quraşdırılıb.

    Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan suyun optimal paylanması və elektrik enerjisindən asılılığı aradan qaldırılması məqsədilə nasos stansiyasının çıxışından əsas paylayıcı anbara qədər diametri 1600 mm olan 11 km daşıyıcı kəmər çəkilib, dəniz səviyyəsindən 118 metr hündürlükdə yerləşən və tutumu 50 min kubmetr olan anbar kompleksi inşa olunub. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin edilir.

    Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrəin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.

    Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi və 83,5 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri layihələri Pirallahı qəsəbəsi də daxil olmaqla Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edir.

    28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılış mərasimi keçirilib.

  • Oğuz-Qəbələ-Bakı su kəməri

    Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.

    Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.

    Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilib.

    Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Layihədə quyuların məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda quyuların bir qisminin məhsuldarlığı saniyədə 130 litrə qədərdir. Həmçinin müşahidə quyularında aparılan monitorinqlər quyularda iş dinamikasının layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu göstərir.

    Quyulardan çıxan su şəbəkə vasitəsilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan 2 su anbarına, oradan isə magistral kəmərə ötürülür. Magistral kəmər boyu 3 yerdə təzyiq nizamlayıcı kameralar (Oğuz qurğular kompleksində, 153-cü km-də və Abşeron qurğular kompleksində), 2 yerdə isə təzyiq qırıcı kameralar (31-ci və 158-ci km-də) quraşdırılmışdır. Ümumiyyətlə kəmərin iş rejiminə SCADA sistemi ilə nəzarət olunur. Su kəməri 8 rayonun ərazisindən keçir.

    Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir.

    Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su Abşeron, Yasamal, Nəsimi və Səbail rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyu yerləşən bəzi kəndləri təmin edir.

  • Bakı şəhərinin mərkəzi su anbarları

    Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı əsasən müxtəlif relyeflerdə yerləşən su anbarları və bölüşdürücü şəbəkələr vasitəsi ilə tənzimlənir. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə paylanır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı müəyyən ehtiyatın toplanmasına da imkan verir.

    Tələblərə uyğun olaraq su anbarlar dövrü olaraq yuyulur və dezinfeksiya işləri aparılır və hər gün Mərkəzi Laboratoriya tərəfindən su anbarlarında suyun keyfiyyəti nəzarətdə saxlanılır. Eyni zamanda sanitar-epidemioloji müəssisələrin mütəxəssisləri tərəfindən anbarlar mütəmadi yoxlanır.

    Hazırda Bakı şəhərində 19 mərkəzi su anbarı istismar olunur: ​​​​​​​​​​​​​​

    “Sənqəçal” - anbar 4 bölmədən ibarət olmaqla ümumi həcmi 24000 kubmetrdir.

    “+91 Sulutəpə” - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 33600 kubmetrdir.

    “+132 Şimal” - anbar 4 bölmədən ibarət olmaqla ümumi həcmi 50000 kubmetrdir.

    “+152 Alatava” - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 30000 kubmetrdir.

    “+132 Qərb” - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 26100 kubmetrdir.

    “+82 Qərb” - anbar 5 bölmədən ibarət olmaqla ümumi həcmi 414000 kubmetrdir.

    “+41 Qərb” - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 39800 kubmetrdir.

    “+41 Şərq” - anbar 6 bölmədən ibarət olmaqla ümumi həcmi 93000 kubmetrdir.

    “+82 Şərq” - anbar 16 bölmədən ibarət olmaqla ümumi həcmi 185000 kubmetrdir.

    “+23 Qala” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    “+16 Qala” - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.

    “+25 Maştağa” - anbar 3 bölmədən ibarət olmaqla ümumi həcmi 18000 kubmetrdir.

    “+98 Qaraçuxur” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    “+70 Dədə Qorqud” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    “+32 Zirə” - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.

    “+118 Abşeron” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    “+82 Balaxanı” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    “+54 Ramana” - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.

    “+105 Saray” - anbar 2 bölmədən ibarət olmaqla ümumi həcmi 20000 kubmetrdir.

    "+82 Masazır" - anbar 1 bölmədən ibarət olmaqla ümumi həcmi 10000 kubmetrdir.​​​​​​​​​​​​​​

    Bunlardan başqa Bakı şəhəri ərazisində ümumitutumu 120 min kubmetr olan məhəllədaxili su anbarı mövcuddur.

  • Kür sutəmizləyici qurğuları

    Ötən əsrin 60-cı illərində Bakı şəhərində yeni yaşayış massivlərinin və mikrorayonların salınması, ətraf qəsəbə və kəndlərin böyüməsi nəticəsində Abşeron yarımadasında içməli suya tələbat kəskin artmışdır. Xaçmazdan çəkilmiş iki su kəməri ilə gətirilən və Ceyranbatan sutəmizləyici qurğular kompleksində emal olunan su tələbatı ödəmirdi. İstehlakçıların su təchizatında dayanıqlığı təmin etmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında Kür çayının sahilində sutəmizləyici qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin çəkilməsinə başlanır.

    1968-ci ildə layihənin icrasına start verilsə də tikinti işləri ləng aparılırdı. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra xalq tikintisinə çevrilən layihə qısa müddətdə tamamlanır. Kür su kəmərləri sisiteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilir. Təmizlənən suyu Bakı sakinlərinə çatdırmaq üçün Hacıqabul rayonunun Kiçik Talış kəndi yaxınlığında yerləşən kompleksdən 2 ədəd magistral kəmər çəkilir. Birinci mərhələdə kəmərlərlə paytaxta saniyədə 3,2 kubmetr içməli su ötürülsə də artan tələbatı ödəmirdi.

    Abşeronun içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi tikilir. 3 mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya daha 3 magistral su kəməri çəkilir. Kür su kəmərlərin birinci növbəsinin məhsuldarlığı saniyədə 3,3 kubmetr (sutkada 285 000 kubmetr), ikinci növbənin məhsularlığı saniyədə 6,2 kubmetr (536 000 kubmetr) olmaqla qurğuların ümumi məhsuldarlığı saniyədə 9,5 və ya sutkada 820 000 kubmetrdir. Kür su kəmərləri sisiteminin ikinci növbəsinin istismara verilməsi ilə yeni salınmış Günəşli və Əhmədli yaşayış massivlərində müşahidə olunan su qıtlığı aradan qaldırılıb.

    Sutəmizləyici qurğuların iş prinsipinə gəlincə, Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir (Birinci Kür sutəmizləyici qurğularında 6, İkinci Kür sutəmizləyici qurğularda isə 8 ədəd radial durulducular var). Növbəti mərhələdə süzgəclərdən keçən su zərərsizləşdirilir və qaldırıcı nasoslar vasitəsilə Bakı istiqamətinə nəql edilir. Uzaq məsafədən (142,5 km) suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Sanqaçal qəsəbəsi yaxınlığında bir daha qaldırıcı nasoslardan istifadə olunur.

    1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılmışdır. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulmuş, nəticədə kompleksdə emal olunan suyun keyfyiyyəti standartlara uyğunlaşdırılmışdır.

    Şirvan-Muğan qrup su kəməri

    Şirvan-Muğan qrup su kəmərinin təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Layihəyə əsasən, ümumi uzunluğu 107 km olan Şirvan-Muğan su kəmərinin Hacıqabuldan Salyan rayonuna qədər olan 52 km-lik hissəsi 1220 mm və 1020 mm diametrli polad, Salyandan Biləsuvar rayonuna qədər olan 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilmişdir. Kəmərin keçdiyi ərazilərdə əhalinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə ümumi tutumu 50 min kubmetr olan “+80 Hacıqabul”, “+55 Şirvan”, “+25 Salyan” və “-8 Biləsuvar” su anbarlar kompleksi inşa olunub.

    Magistral kəmərin tam istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaqdır.

    Prezident İlham Əliyev iştirakı ilə magistral kəmərdən 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı ilin sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsinin açılış mərasimləri keçirilmişdir.

    Sabirabad-Saatlı magistral su kəməri

    Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 km uzunluğunda magistral su kəməri tikilmişdir. İnşası 2014-cü il ərzində başa çatdırılmış Kür sutəmizləyici qurğuları – Sabirabad - Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcək.

    Magistral su kəmərinin 12 km-lik hissəsi diametri 820 mm polad, qalan hissəsi isə diametri 810-500 mm polietilen borulardan tikilmişdir. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və 15 yerdə drenaj kollektoru ilə kəsişir. Kəmərin üzərində 26 siyirtmə, 48 hava buraxıcı (vantus), 57 təxliyyə çıxışı quraşdırılmışdır. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 anbar inşa edilib.

    15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Kür sutəmizləyici qurğuları – Sabirabad-Saatlı magistral su kəmərindən Sabirabad şəhərinə, 28 mart 2017-ci ildə Saatlı şəhərinə içməli suyun verilməsi mərasimləri keçirilib.

  • Xanbulan sutəmizləyici qurğusu

    Lənkəran və Astara şəhəri, həmçinin ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Hazırda bu mənbə hesabına Lənkəran şəhəri və ətraf kəndlər də içməli su ilə təmin olunur. Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur.

    Emal prosesindən keçən suyun anbarla ötürülməsi məqsədilə məhsuldarlığı saatda 450 kubmetr olan nasos stansiyası quraşdırılıb, 530 metr daşıyıcı kəmər tikilib. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 10000 kubmetr tutumu olan su anbarı Lənkəran, hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarına onlayn rejimdə tənzimlənir.

    ​​​​​​​

    Hazırda bu mənbə hesabına Lənkəran və Astara şəhərləri, həmçinin Lənkəran rayonunun bir sıra kəndləri içməli su ilə təmin olunur.

  • Şəmkirçay sutəmizləyici qurğusu

    Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. 2014-cü ildə istismara verilmiş və ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadə edilməsinə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır.

    Bütün bunlar nəzərə alınaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksinin inşasına qərar verilib. Şəmkirçay sutəmizləyici qurğular kompleksi məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.

    Kompleksin tikintisinə 2016-cı ildə başlanılıb. Bu məqsədlə Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, Şəmkirçay su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Ərazidə qazıntı və kipləşdirmə işləri aparıldıqdan sonra bina və qurğuların tikintisinə başlanılıb. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib. Tikinti-quraşdırma işləri 2019-cu ilin sonunda başa çatdırılıb.

    Layihəyə əsasən qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılır. Kanaldan lazımi həcmdə suyun götürülməsi üçün sugötürücü qurğu inşa edilib. Burada suda olan iri hissəciklərin tutulması üçün barmaqlıqlar, suyun idarə olunması üçün siyirtmə, eləcə də təmizləyici qurğuya ötürülən suyun həcmini ölçmək məqsədilə sərfölçən quraşdırılıb. Suyun götürüldüyü nöqtədən təmizləyici qurğuyadək 1400 mm diametrli polad borularla daşıyıcı xam su xətti tikilib. Daşıyıcı xətlə qurğuya ötürülən su ilk olaraq zərərsizləşdirilir və süzgəclər binasının paylama kamerasına daxil olur.

    Burada suyun təmizlənməsi və süzülməsi məqsədilə 14 bölmədən ibarət 7 süzgəc bloku inşa edilib. Hər bir süzgəc blokunda suyun standartlara uyğun təmizlənməsi məqsədilə 120 sm qalınlığında 0,8-20 mm fraksiyalı kvars qumundan ibarət süzgəc qatı yaradılıb. Süzgəc qatının yaradılması üçün 1100 kubmetr kvars qumundan istifadə olunub. Qum süzgəclərindən keçən su təmizlənərək toplayıcı kollektora, daha sonra hər birinin tutumu 2500 kubmetr olan 3 su anbarına ötürülür.

    Qeyd edək ki, əhaliyə verilən suyun təhlükəsizliyinin təmin olunması məqsədilə həm emal prosesindən əvvəl, həm də sonra zərərsizləşdirmə aparılır. Bu məqsədlə kompleksdə zərərəsizləşdirmə məntəqəsi inşa edilib, burada ümumi məhsuldarlığı saatda 28 kq olan 4 ədəd dozalama avadanlığı, 3 ədəd nasos və analizator quraşdırılıb. Burada suyun bulanıqlığı, qalıq xlorun miqdarı, hidrogen göstəricisi, temperatur və elektrik keçiriciliyi müəyyən olunur.

    Qurğuda bütün texnoloji proseslər - suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılıb və bütövlükdə proses SCADA idarəetmə mərkəzindən idarə olunur. Emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər reqlamentə uyğun olara yuyulur. Bu məqsədlə qurğuda 3 ədədi işlək və biri ehtiyat olmaqla hər birinin məhsuldarlığı saatda 1500 kubmetr olan su nasosları və ümumi gücü saatda 6600 kubmetr olan 2 ədəd kompressor quraşdırılıb. Geri yuma zamanı hava qarışığından ibarət yüksək təzyiqli su süzgəcləri asılı maddələrdən və lildən təmizləyir. Geri yuma prosesi növbəli rejimdə aparılır. Qurğunun bir hissəsində geriyuma aparılarkən, digər hissələrdə suyun emalı davam edir. Bu da öz növbəsində emal prosesinin fasiləsizliyini təmin edir.

    Yeni qurğuda texnoloji proseslərin normal şəraitdə həyata keçirilməsi üçün isitmə və soyutma sistemləri quraşdırılıb. Qurğunu dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə enerji bloku inşa olunub, gücü 1000 kilovatt amper olan transformator quraşdırılıb. Gələcəkdə elektrik verilişindəki açılmalar zamanı emal prosesinin fasiləsizliyini təmin etmək üçün qurğu 1250 kilovatt amper gücündə ehtiyat generatorla da təmin edilib. Eyni zamanda qurğunu idarə edəcək personal üçün inzibati bina tikilib, binada SCADA mərkəzi, işçi, iclas otaqları və digər zəruri şərait yaradılıb.

    Ümumilikdə, Şəmkirçay sutəmizləyici qurğular kompleksinin yaradılması layihəsi çərçivəsində 13 km uzunluğunda müxtəlif diametrli boru, qurğunun elektrik enerjisinin təmin edilməsi məqsədi ilə 28 km elektrik xətləri, 7,5 km uzunluğunda fiberoptik kabel xətləri çəkilib, 56 siyirtmə, 9 sayğac, 9 nasos, 2 kompressor quraşdırılıb. Tikintidə 1220 ton armatur, 28 ton metal konstruksiya, 10 min kubmetr betondan istifadə olunub. Kompleksin ərazisində 30 min kubmetr həcmində torpaq, 11100 kvadratmetr ərazidə asfalt, 11600 kvadratmetr ərazidə yaşıllaşdırma işləri görülüb, 1700 ədəd ağac və gül kolları əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına bu sahədə ixtisaslaşmış mütəxəssislər cəlb olunub.

    Şəmkirçay sutəmizləyici qurğusundan emal olunan suyun Gəncə şəhərinə nəqli üçün 27,5 km uzunluğunda magistral su kəməri çəkilib və şəhərdəki anbar kompleksinə qoşulub. Samux şəhərini içməli su ilə təmin etmək üçün Gəncə su anbarından şəhərə 10 km magistral su kəməri tikilib. Bu kəmərlərdən Samux rayonunun ətraf kəndlərinin, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. Sutəmizləyici qurğudan Gəncə, Şəmkir və Samux şəhərlərinə suyun verilməsi təmin olunub.

    Şəmkirçay sutəmizləyici qurğusunda emal olunacaq sutkada 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin, qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, Şəmkirçay sutəmizləyici qurğular kompleksinin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su təmin ediləcək.

    03 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi keçirilib.

  • Külüllü sugötürücü qurğuları

    Külüllü su mənbəyi Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsində yerləşir. Dəniz səviyyəsindən 170 metr hündürlükdə olan çay yatağında məhsuldarlığı sutkada 28300 kubmetr (saniyədə 320 litr) təşkil edən drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən 2 km cənubda suqəbuledici və paylayıcı anbar kompleksi yerləşir. Anbar kompleksində tutumu 7500 kubmetr 2 ədəd və 5000 kubmetr olan 1 ədəd su anbarı tikilib.​​​​​​​

    Layihəyə əsasən anbar kompleksindən Kürdəmir şəhərinə 27 km, Zərdab şəhərinə 73 km, Ucar şəhərinə 57 km, Ağsu şəhərinə 25 km uzunluğunda magistral su kəmərləri çəkilmişdir. Külüllü mənbəyi hesabına Ucar şəhəri və rayonun 15 kəndi, Zərdab şəhəri və rayonun 11 kəndi, Kürdəmir şəhəri və rayonun 13 kəndi, həmçinin Ağsu rayonunun 13 kəndi daxil olmaqla ümumilikdə 56 yaşayış məntəqəsinin 170 min sakini keyfiyyətli içməli su ilə özüaxımlı rejimdə təmin olunur.

  • Mingəçevir sutəmizləyici qurğusu

    Mingəçevir şəhərini, həmçinin ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib.

    Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

    Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir.

  • Modul tipli sutəmizləyici qurğular

    Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2017-ci illərdə 28 rayonda 460 modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bu qurğular hesabına 481 yaşayış məntəqəsində 693 min sakin keyfiyyətli içməli su ilə təmin edilib.

    Kür və Araz çayları boyu məskunlaşmış əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılıb. Monitorinqlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərib. Ən sərfəli variant kimi yaşayış məntəqələrinin yaxınlığındakı mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilib. Sutəmizləyici qurğuların layihələndirilməsi və istifadə olunan texnologiyaların seçilməsində su mənbələri, kəndlərdə yaşayan əhalinin sayı, elektrik enerjisi təminatı və digər parametrlər əsas götürülüb.

    Kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilib və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğuda təmizlənən su ümumi istifadə üçün olan bulaqlar vasitəsilə paylanılır.

    2010-2017-ci ildə qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilib. 2018-ci ildən həmin qurğular İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə verilib.

  • Digər su mənbələri

    Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl yaxınllığında mövcud olan bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 26000 m3/gün (300 litr/san) olan kaptaj qurğuları və Gəncəçayın məcrasında məhsuldarlığı 7800 m3/gün (90 litr/san) olan Qızılqaya su mənbəyində mövcud horizontal sugötürücü qurğusunda təmir-bərpa işləri aparılıb, mənbələrdən şəhərə 28,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib.

    Şəki şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Kiş çayının məcrasında məhsuldarlığı 20000 m3/gün (230 litr/san) olan sugötürücü qurğu və buradan şəhərə 10 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Şamaxı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Pirsaatçayın məcrasında məhsuldarlığı 6900 m3/gün (80 litr/san) olan horizontal sugötürücü qurğu, buradan şəhərə 12 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Quba şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qudyalçayın məcrasında məhsuldarlığı 14000 m3/gün (162 litr/san) olan horizontal sugötürücü qurğu, buradan şəhərə 6,5 km uzunluğunda su kəməri inşa edilib. Bununla yanaşı hasil edilən suyun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə məhsuldarlığı 30000 m3/gün (350 litr/san) olan müasir texnologiyaya əsaslanan sutəmizləyici qurğu tikilib.​​​​​​​

    Qusar şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayın məcrasında məhsuldarlığı 7300 m3/gün (85 litr/san) olan horizontal sugötürücü qurğu, buradan şəhərə 17,5 km uzunluğunda magistral su kəməri tikilib.

    Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Pirsaatçayın sol sahilində 6 ədəd subartezian quyusu qazılmış, əhaliyə verilən suyun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni texnologiyaya əsaslanan məhsuldarlığı 3800 m3/gün (45 litr/san) olan əks-osmos tipli sutəmizləyici qurğular və buradan şəhərə 21 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ilə Cəyriçayın məcrasında məhsuldarlığı 4300 m3/gün (50 litr/san) olan horizontal sugötürücü qurğu və buradan şəhərə 15 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Qax şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Kümrükçayın sağ sahilində mövcud bulaqların imkanlarından istifadə edilərək məhsuldarlığı 6000 m3/gün (70 litr/san) olan kapitaj qurğusu və buradan şəhərə 21 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Gədəbəy şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Südlübulağın imkanlarından istifadə edilərək məhsuldarlığı 1400 m3/gün (16 litr/san) olan kapitaj qurğusu və buradan şəhərə 15 km uzunluğunda magistral su kəməri inşa edilib. Rüstəm Əliyev kəndi yaxınlığındakı bulaqların suyundan istifadə etmək üçün məhsuldarlığı 2600 m3/gün (50 litr/san)olan suqəbuledici qurğu tikilib.

    Daşkəsən şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Gurbulaq və Qarainək bulaqlarının imkanlarından istifadə etməklə məhsuldarlığı 2600 m3/gün (30 litr/san) olan kaptaj qurğuları, buradan şəhərə 20 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Xızı şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qars və Dahardibi bulaqlarının imkanlarından istifadə etməklə məhsuldarlığı 1300 m3/gün (15 litr/san) kapitaj qurğuları, buradan şəhərə 8,4 km uzunluğunda magistral su kəmərləri inşa edilib.

    Xaçmaz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı 17300 m3/gün (200 litr/san) olan Uçqun su mənbəyində mövcud horizontal sugötürücü qurğusunda təmir-bərpa işləri aparılıb, buradan şəhərə 4 km uzunluğunda magistral su kəməri inşa edilib.

    Oğuz rayonunun kəndlərinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Qalaçayın məcrasında horizontal su götürücü qurğusu, Balaşum su mənbəyində mövcud bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 3500 m3/gün (40 litr/san) olan kapitaj qurğusu, eləcə də mövcud bulaqların imkanlarından istifadə etməklə məhsuldarlığı 900 m3/gün olan kaptaj qurğuları, mənbələrdən kəndlərə 80 km uzunluğunda su kəmərləri inşa edilib.