Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu(bundan sonra İnstitut) Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin(ADSEA) tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutlarının çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
“Azdövsutəslayihə” Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əsası 1930-cu ildə qoyulmuşdur. İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.
“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində 1961-ci ildə yaradılmış keçmiş “VODGEO” Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur.
İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi (ADSEA) tərəfindən tabeliyində olan qurumların təsdiq edilmiş smetaları və digər dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə hüquqi və fiziki şəxslərin sifarişləri əsasında su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər obyektlərin layihələndirilməsini həyata keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühəndis-axtarış işlərini həyata keçirməkdən ibarətdir.
İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.
İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.
İnstitutda müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər fəlsəfə doktoru(elmlər namizədi) vardır.
İşlərində əldə etdikləri uğur və nailiyyətlərə görə İnstitutun 4 əməkdaşı Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı, 1 əməkdaşı 3-cü dərəcəli Əmək ordeni, 8 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunublar.