“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb
22 Yanvar, 2025 | 16:18
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb.
İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyevin EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirdiyi görüş çərçivəsində baş tutub. Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib.
Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək, bununla da “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanması nəzərdə tutulub.